Müharibə olarsa BƏƏ Əlcəzairə qarşı Mərakeşi dəstəkləyəcək

11:06 01.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əlcəzairdəki səfirliyinin hərbi attaşesinin fikirləri siyasi qalmaqal yaradıb.

Hafta.az-ın Əlcəzairdə yayımlanan “Echorouk Online” xəbər saytına istinadən yazdığına görə, polkovnik rütbəli naməlum BƏƏ hərbi zabiti avropalı həmkarlarına “Əgər Əlcəzairlə Mərakeş arasında müharibə başlayarsa, ölkəsi bütün imkanları ilə Mərakeşin arxasında dayanacaq” deyib.

Xəbərə görə, BƏƏ hərbi attaşesinin açıqlamaları Əlcəzairdə sərt reaksiya doğurub.

“Echorouk Online” xəbər saytı yazıb ki, iki ölkə arasında mövcud dostluq münasibətlərinə baxmayaraq, BƏƏ səlahiyyətliləri Əlcəzair administrasiyasını təhrik edəcək aqressiv hərəkətləri davam etdirir.

Xəbər saytı hadisələrə görə BƏƏ ilə Əlcəzair arasında diplomatik böhranın yaşana biləcəyini də qeyd edib.

Xəbərdə həmçinin BƏƏ-nin keçmişdən bəri Mərakeşin Qərbi Saharadakı fəaliyyətlərini dəstəklədiyi və Əlcəzairin maraqlarına zidd olaraq İsrailə xidmət göstərməkdə ittiham edildiyi bildirilib.